Unut kədərini / Nüsrət Kəsəmənli
Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.
Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.
Elə bil dağsan ki, vuqar yaraşır
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.
Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut...